“Bütün hallarda Zəngəzur dəhlizi işləyəck. Bunun üçün sülh müqaviləsi bağlanacaq. Çünki dəhlizin açılmasının şərtlərindən biri sülh müqaviləsinin imzalanmasından və digər haqlı şərtlərin yerinə yetirilməsindən keçir. ABŞ dəhlizinin açılmasını istəyirsə, Ermənistana təsir göstərməlidir. Azərbaycanın haqlı tələbi yerinə yetirilməlidir. Prezidentin Şuşa Forumunda tezliklə olacaq şad xəbərdən danışması Zəngəzur dəhlizi ilə bərabər digər düyünlərin də açılmasına işarədir”.
Bunu Hafta.az-a açıqlamasında siyasətçi-hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib.

Hüquqşünas bildirib ki, Zəngəzur dəhlizinin açılmaması Rusiyadan, İrandan və qismən də Ermənistandan asılıdır:
“Rusiya dəhlizi nəzarətə götürmək istəyir, İran üçün isə Zəngəzur dəhlizi qırmızı xəttdir. Bu dəhliz təkcə Şərqlə Qərbi yox, həm də türk dünyasını birləşdirdiyi üçün İran açılmasını istəmir və bunu da açıq bəyan edib. Ermənistan isə dəhliz açılmasın deyə müxtəlif bəhanələrlə boyun qaçırır. Əvvəl ABŞ-da Bayden Admnistrasiyası da dəhlizin açılmasında maraqlı görünmürdü. Ona görə də nə Ermənistana təsir göstərir, nə də bu barədə qəti fikir bildirirdilər. Artıq Tramp Admnistarsiyası ilə Azərbaycan arasında münasibətlər normallaşır və dünyanın hər bir yerində Amerikanın maraqlarını müdafiə etmək əzmində görünür.
Tramp Admnistrasiyası hesab edir ki, Zəngəzur dəhlizi artıq açılmalıdır və bunun üçün də Ermənistanla Azərbaycan arasında sülh razılaşması olmalıdır. Amma bundan sonra Zəngəzur dəhlizi artıq Rusiyanın yox, ABŞ şirkətlərindən birinin nəzarətinə keçməlidir. ABŞ artıq Zəngəzur dəhlizinə əl qoyur və bunun müsbət tərəfləri var”.
Q.Əlibəyli bildirib ki, Rusiya regiondan sıxışdırılır. Rusiyanın Cənubi Qafqaza və türk dünyasına təsir imkanları azalır. Ona görə də Rusiya son dövrlərdə Ermənistana və Azərbaycana başqa formalarda təsir etməyə çalışır:
“Bu təzyiq Azərbaycan diaspor rəhbərlərinin və digər azərbaycanlılarn aşağılayıcı həbsi ilə müşahidə olunur. Rusiya çırpınır ki, hər vasitə ilə Zəngəzur dəhlizini öz nəzarəti altında saxlamış olacaq. Düzdür, Zəngəzurun nəzarətinin Amerika şirkətlərinə verilməsini də tam yaxşı hal hesab etmirəm. Amma Rusiyanın regiondan sıxışdırılması baxımından müsbətdir.
Rusiya Ermənistana çevriliş cəhdləri ilə təsir göstərəcək, Azərbaycana isə Rusiyada yaşayan azərbaycanlılar vasitəsi ilə təzyiq göstərməyə çalışacaq. Amma bu təhdidlər əhəmiyyətsizdir. Azərbaycan əvvəlki Azərbaycan deyil. Hər halda Zəngəzur dəhlizini Rusiyanın nəzarətinə verməkdənsə, ABŞ şirkətlərinə verilməsi daha yaxşı olar. Düzdür, Azərbaycanın bu halda dəhlizə təsir imkanı az olacaq, amma bu, Rusiyanın bölgədəki təsirini azaldacağı üçün daha məqbuldur".